Əfəndi üçün 6 mahnı seçildi 🇦🇿

Azərbaycan İctimai Televiziya və Radio Şirkəti (İctimai TV) “Avroviziya-2021” Beynəlxalq Mahnı Müsabiqəsi üçün musiqi qəbulunu başa çatdırıb. Belə ki, müsabiqənin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri İsa Məlikovun bildirdiyinə görə, seçim mərhələsinə yerli və xarici müəlliflərdən 229 kompozisiya təqdim olunmuşdur. İsa Məlikov seçim haqqında bunları deyir:

Komandamız hər bir mahnını layiqincə qiymətləndirmək üçün onaların hər birini bir neçə dəfə dinlədi. Onların arasında həqiqətən gözəl kompozisiyalar var idi, onlardan altı ən yaxşısı bizim şort-listimizə düşmüşdü. Hər zaman olduğu kimi, janrdan asılı olmayaraq gözəl və peşəkar mahnı axtarmağa çalışdıq, lakin bu il də ilk növbədə biz onun ifaçı ilə nə dərəcədə uzlaşacağını nəzərə alırdıq.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Avropa Yayım Birliyinin (AYB) tələblərinə uyğun olaraq, hər bir mahnının müddəti 3 dəqiqədən çox olmamalıdır. Bundan əlavə, 1 sentyabr 2020-ci ilə qədər hər hansı bir kütləvi informasiya vasitələrində yayımlanmamalıdır. Seçim prosesinə uyğun olaraq, mahnı növbəti mərhələdə müxtəlif ölkələrdən olan 50-dən çox “Avroviziya” mütəxəssisindən ibarət beynəlxalq fokus-qrupunun səsverməsi əsasında seçiləcək.

Mahnının rəsmi təqdimatı martın ikinci həftəsi olacaq.