Voila! Barbara Pravi Fransanın seçimidir 🇫🇷

Dünən keçirilən Fransa Avroviziya milli seçimi (Eurovision France, c’est vous qui décidez) jüri və fanların birgə səsi nəticəsində Barbara Pravidə qərar tutdu. Barbara Pravi ölkəsini ‘Voila‘ mahnısı ilə təmsil edəcək.

2020-ci il Fransa ictimai televiziyası Tom Leebi seçsə də, keçən il məlum səbəbə görə Avroviziya baş tutmadı. 2020-ci ilin iyun ayında seçimin yeni müğənni olması haqqında məlumat yayıldı. Belə ki, Tom Leebin 2021-ci il üçün başqa planları olduğu üçün Fransa televiziyası yeni bir ifaçı axtarışına başladı.

Bu il Fransa yeni bir seçimə imza atdı. Eurovision France, c’est vous qui décidez! (Fransa Avroviziyasına qərar ver!) adlı verilişdə 12 müğənni öz mahnılarını təqdim etdilər. Verilişin aparıcıları Stefan Bern və Lorens Boccolini oldu.

Jüri paneli 10 müxtəlif peşəyə sahiblənən komandadan ibarət idi. Jüri başçısı hamımızın çox gözəl tanıdığı Avroviziya 2016-nın Fransa təmsilçisi Amir oldu. Amirdən başqa jürilər arasında bu məşhurlar yer almışdır: Şimen Badi (müğənni, 2019-cu ildə Fransa milli seçiminin 3-cüsü), Mişel Bernyer (Fransız aktrisa), Aqustin Qaliana (müğənni və komedian), Jön-Pol Qoltiyer (məşhur Fransız dizayneri), Elodi Qossuin (Fransız gözəli/Miss Avropa 2021, model və TV aparıcısı), Dankan Lorens (Avroziya birincisi, Hollandiyanın 2019-cu il təmsilçisi), Andre Manukyan (Fransız bəstəkar, Jazz müğənni), Mari Miriam (Avroviziya birincisi, Fransanın 1977-ci il təmsilçisi), Nataşa St-Pyer (2001-ci il Avroviziya Fransa təmsilçisi, Kanadalı müğənni).

12 müğənni arasında gedən seçimlər 3 hissədən ibarət idi:

İlk olaraq ictimai səsvermə nəticəsində 12 müğənnidən yalnızca 7-si super finala keçdi. Bu turda seçilənlər Kasanova, Julyet Moreyn, Sefaz, Amui, Barbara Pravi, 21 Juin Le Duo və PONI X oldu.

Super finala keçməyən 5 müğənnidən yalnızca biri jüri səsi nəticəsində super finala vəsiqə qazandı. Bu beşlikdə yer alanlar Andriamad, Filippine, Terens Ceyms, Ali və LMK olsa da, jürinin seçimi LMK-dan yana oldu.

Super finalda 50% xalq, 50% jüri səs verərək Fransanı təmsil edəcək müğənnini seçdi. Ümumi səsvermə belə oldu:

  1. Barbara Pravi – Voila/Budur – 204 xal
  2. Julyet Moreyn – Pourvu qu’on m’aime/Nə qədər ki, onlar məni sevir136 xal
  3. PONI X – Amour fou/Dəli məhəbbət 124 xal
  4. Kasanova – Tutti – 102 xal
  5. Sefaz – On a mangé le soleil/Günəşi yedik – 82 xal
  6. Amui – Maeva – 78 xal
  7. LMK – Magique/Sehrli – 76 xal
  8. 21 Juin Le Duo – Peux-tu me dire?/Mənə deyə bilərsən? – 38 xal

Qeyd edək ki, Barbara Pravi Avroviziyaya artıq öz töhvəsini vermiş bir sənətkardır. Belə ki, kiçiklər üçün nəzərdə tutulmuş Avroviziya Mahnı Müsabiqəsində Barbara Pravinin müəllif olduğu mahnı artıq birincilik qazanıb. Junior Avroviziyasının 2020-ci il qalibi Valentina məhz Barbara Pravinin müəllifi olduğu mahnıyla qələbə qazanmışdır.

Siz necə Fransanın seçimi ilə razısınız? Fransa Barbara Praviylə Avroviziya 2021 qazana bilər?