‘Tick-Tock’… zaman Albinanın Rotterdama getməsini yaxınlaşdırır 🇭🇷

Damir Kedzo keçən il Xorvatiyanı Avroviziyada təmsil edəcəkdi. Bu il müğənni yaxşı mahnı olmadığı üçün Dora 2021-də iştirak etməyəcəyini bildirdi. Buna görə də Xorvatiya ictimai kanalı 14 müğənni və mahnı seçərək milli seçim təşkil etdi.

14 müğənni arasında böyük sənətçilər də təmsil olunurdu: Nina Kralyiç – 2016-cı il Avroviziya Xorvatiya təmsilçisi, Bernarda Brunoviç – İsveçrəli-Xorvat müğənni və mahnı müəllifi, Toni Çetinski – Xorvatiya və Yuqoslaviya ölkələrində tanınan pop ifaçı. İfaçı sırası belə idi:

  1. Nina Kraljiç – Rijeka/Çay
  2. Eric – Reci mi/De mənə
  3. Ella Orešković – Come This Way/Bura gəl
  4. Bernarda – Colors/Rənglər
  5. Sandi Cenov – Kriv/Günahkar
  6. ToMa – Ocean of love/Sevgi Okeanı
  7. Filip Rudan – Blind/Kor
  8. Beta Sudar – Ma zamisli/Təsəvvür etmək
  9. Cambi – Zaljubljen/Aşiq
  10. Ashley Colburn & Bojan Jambrošić – Share the Love/Sevgini paylaş
  11. Brigita Vuco – Noći pijane/Sərxoş gecələr
  12. Mia Negovetić – She’s Like a Dream/O yuxu kimidir
  13. Albina – Tick-Tock/Tik-Tak
  14. Tony Cetinski & Kiki Rahimovski – Zapjevaj, sloboda je/Oxu, bu azadlıqdır

Albina həm jüridən, həm televiziya səsverməsindən ən yüksək xal alaraq, Rotterdama getməsini sığortaladı.

Albina kimdir?

Albina və ya Albina Grçiç, ilk dəfə Serbiyada X Factor Adriada görünür. Növbəti mərhələyə keçdikdə, onu qız qrupu yaradaraq davam etməsini təklif edirlər. Bundan razı qalmayan Albina verilişi tərk edir. 2019-cu ildə Albina Səs Xorvatiyanın üçüncü sezonuna qatılır. İki jürini döndürə bilən Albina yoluna Vanna ilə davam edir. Döyüş turunda Billie Eilish-in Lovely/Sevimli mahnısı ilə çıxış edən Albina, bu turda məğlub olur, belə ki onun məşqçisi yoluna Filip Rudanla davam edəcəyini deyir. Qeyd edək ki, Filip Rudan da bu il Dorada iştirak edirdi.

Bundan sonra başqa məşqçi Massimo Saviç Albinanı seçərək, onunla yola davam edir. Albina ümümilikdə Səs yarışmasında üçüncü yerə çıxır. Final çıxışında Albina Bosniya və Herseqovinanın 2012-ci ildə Avroviziyaya göndərdiyi Maya Sarın – Korake ti znam/Addımlarını bilirəm mahnısını ifa etmişdir.

Dora 2021 qalibi, Albina Imuna na strah adlı ilk musiqi single-nı keçən ilin sonları çıxartmışdır.

 

No Comments

Add your comment